Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyev İli”, ölkə başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü və Zəfər Gününə həsr olunmuş “Heydər Əliyev yolunun uğurlu davamı: Zəfər yolu” adlı tədbir keçirilib. İctimaiyyət nümayəndələri, qazilər, müəllimlər, tələbələr, kursantlar, könüllülər, əsgər və zabitlərin iştirak etdiyi tədbir çərçivəsində istedadlı gənclərin rəsm və əl işlərindən ibarət sərgi, o cümlədən Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı təşkil olunub, mövzu ətrafında çıxışlar dinlənilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatçı qurumların nümayənələri – Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev, eləcə də Vətən müharibəsi iştirakçısı Həsən Xəlilov və fəal gənc Əli Yarıyev mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Heydər Əliyev uzaqgörənliyinin, İlham Əliyev strategiyasının, xalq iradəsinin möhtəşəm təcəllası, qəhrəman Azərbaycan oğlunun şəhidlik məramı kimi qəlbimizin ən dərin qatına yüksələn, zehnimizə hopan böyük Zəfər hekayəsinin hər zaman böyük iftixarla xatırlanacağını ifadə olunub. Gənclərin vətənpərvər ruhda tərbiyəsində Zəfər tariximiz və onun memarları olan qüdrətli şəxsiyyətlərimizin, qəhrəman əsgər və zabitlərimizin rolundan danışılıb.
Tədbirdə nümayiş olunan “Heydər Əliyev və Zəfər yolu” sənədli filmi şanlı bayrağımıza bürünən auditoriya tərəfindən böyük maraqla izlənilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti